Laşa Jvania -səfirliyə Gürcüstan vətəndaşının xəsarət alması, itkisi və ya ölümü ilə bağlı heç bir məlumat daxil olmayıb
Səfirliyə Gürcüstan vətəndaşının xəsarət alması, itkisi və ya ölümü ilə bağlı heç bir məlumat daxil olmayıb-bu barədə Gürcüstanın İsraildəki səfiri Laşa Jvania danışıb.
O, “Həmas”ın hücumu nəticəsində iki gürcü yəhudisinin həlak olduğunu bildirib.
“İsrail ordusu tərəfindən terrorçuların daxil olduğu bütün yaşayış məntəqələri hələ də nəzarətə götürülməyib, bu səbəbdən məlumat əldə etmək hələ də çətindir. Ölənlərin hamısının şəxsiyyəti hələlik müəyyən edilməyib. Beləliklə, kimin qaçırıldığı və kimin öldüyü dəqiq bilinmir.
Səfirliyə Gürcüstan vətəndaşının xəsarət alması, itkisi və ya ölümü ilə bağlı heç bir məlumat daxil olmayıb. Tanrının lütfü ilə ümid edirik ki, bu belə də davam edəcək, heç bir Gürcüstan vətəndaşı xəsarət almayacaq, qaçırılmayacaq. İstənilən halda, 2 gün boyunca belə təsdiqlənmiş məlumat daxil olmayıb.
İndiyədək iki gürcü yəhudisi dünyasını dəyişib. Bu da bizim bir hissəmizdir – öz vəzifə borcunu qəhrəmancasına yerinə yetirmiş polis əməkdaşı Buzudaşvili və bu toqquşmalar zamanı həlak olan başqa bir gənc Avi Abraham Kubelaşvili. Biz qardaş və bacılarımızın bu dəhşətli faciəsini və ağrısını paylaşır, bu sınaq və müharibə dövründə onların yanındayıq” – deyə Laşa Jvania açıqlayıb.
Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. İsrail mətbuatının son məlumatlarına əsasən, “Həmas”ın raket hücumu nəticəsində 700-dən çox insan həlak olub, azı 2315 nəfər yaralanıb.
İsraildəki Gürcüstan vətəndaşları üçün qaynar xətt işə salınıb.