Lambalo ( Ləmbəli) kəndində zərərçəkmişin intihar etməsi ilə nəticələnmiş fakt ilə əlaqədar prokurorluq 3 nəfər barəsində ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu ilkin razılaşma əsasında qrup tərəfindən , qanunsuz olaraq azadlıqdan məhrum etmə və ləyaqət alçaldıcı rəftar faktı ilə əlaqədar 3 nəfər barəsində ittiham irəli sürüb.
“Məsələ ilə bağlı aparılan istintaq zamanı məlum olub ki, N.Q., A.Q. və Q.A., digər şəxslərlə birlikdə gender əsaslı diskriminasiya motivi ilə, X.C-nin şərəf və ləyaqətini ləkələyici vəziyyətə salmaq və kənd sakinlərinin qarşısında alçaltmaq qərarını veriblər.
2014-cü il sentyabrın 16-da Saqareco rayonunun Lambalo ( Ləmbəli) kəndində müqəssirlər X.C.-ni avtomobildən zorla çıxararaq, onu fiziki və sözlü təhqir ediblər, daha sonra isə insanların qarşısında onu alçaltmaq məqsədilə, müqəssirlər zərərçəkmişi azadlıqdan məhrum edərək, iradəsinə zidd şəkildə avtomobilə əyləşdirərək, kəndin mərkəzinə aparıblar. Kənd sakinlərinin gözü qarşısında onun barəsində alçaldıcı sözlər sərf edir, qadına yaraşmayan davranışa görə cəzalandırılmalı olduğunu bildiriblər. Onlar gender əsaslı diskriminasiya motivi ilə hərəkət edir, zərərçəkmişin, qadının iradəsinə təsir edə biləcəklərini və onun taleyini müəyyənləşdirmə hüququna malik olduqlarını hesab ediblər.
Müqəssirlərin və qrupun digər üzvlərinin əməlləri nəticəsində X.C. 2014-cü ilin sentyabrın 18-də intihar edib” – deyə prokurorluğun yaydığı məlumatda qeyd edilib.
Onların məlumatına görə, hər üç şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsinin “q” və 3-cü hissəsinin “a” bəndləri və 144-cü maddənin 2-ci hissəsinin “e” və “f” yarımbəndləri əsasında ittiham irəli sürülüb, bu isə cəza olaraq yeddi ildən on ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluqda bildirirlər ki, qurum qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.