“Kənd təsərrüfatının dövlət həmmaliyyələşdirilməsi proqramı” fəaliyyətə başlayı

17:56, 01.07.2026

İyulun 1-dən “Kənd təsərrüfatının dövlət həmmaliyyələşdirilməsi proqramı” fəaliyyətə başlayıb. Proqram Kənd İnkişafı Agentliyi tərəfindən həyata keçirilir və aqrar sektorda müasir, iqlim şəraitinə uyğunlaşdırılmış texnologiyaların tətbiqini təşviq etməyi, istehsalın artırılmasını və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyir.

Agentliyin məlumatına görə, proqram çərçivəsində çoxillik bitkilərin salınması, istixana təsərrüfatlarının, heyvandarlıq və quşçuluq fermalarının, arıçılıq, akvakultura və marikultura təsərrüfatlarının yaradılması, qida məqsədli heyvanların kəsimi üçün nəzərdə tutulmuş obyektlərin (kəsim məntəqələrinin) qurulması, həmçinin emal və saxlama müəssisələrinin yaradılması maliyyələşdiriləcək.

Proqramdan qeydiyyatdan keçmiş sahibkar fiziki şəxslər (fərdi sahibkarlar) və sahibkar hüquqi şəxslər yararlana bilərlər.

Proqram çərçivəsində Agentliyin həmmaliyyələşdirməsinin ümumi məbləği maksimum 2 milyon lari təşkil edəcək.

Südçülük ferması yaratmaq istəyən fermerlər üçün xüsusi şərtlər nəzərdə tutulub.

Proqram çərçivəsində Agentliyin həmmaliyyələşdirməsi təqdim olunan layihənin ümumi dəyərinin maksimum 50 faizini təşkil edir. Kənd təsərrüfatı statusuna malik kooperativlər, sərhəd xəttinə yaxın kəndlərdə və yüksək dağlıq yaşayış məntəqələrində həyata keçiriləcək layihələr üçün isə bu göstərici maksimum 55 faizə qədər artırılıb.

Proqrama müraciətlər elektron qaydada Kənd İnkişafı Agentliyi-nin rəsmi internet saytı vasitəsilə qəbul edilir.

Dövlət proqramında iştirak üçün əsas şərtlərdən biri fermer təsərrüfatları və kənd ərazilərində fəaliyyət göstərən müəssisələrin reyestrində qeydiyyatdan keçməkdir. Qeydiyyatdan Agentliyin mərkəzi ofisində və bələdiyyələrin informasiya-məsləhət mərkəzlərində keçmək mümkündür.

Proqram və “Fermer təsərrüfatları və kənd müəssisələrinin reyestri” barədə ətraflı məlumat Kənd İnkişafı Agentliyinin rəsmi saytı vasitəsilə əldə oluna bilər.

Oxşar