Kutaisi Hava Limanında sentyabrın 3-5-nə planlaşdırılan reyslər Tbilisi və Batumi beynəlxalq hava limanlarında yerinə yetiriləcək
Kutaisi Beynəlxalq Hava Limanı sərnişinlərin diqqətinə bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, sentyabrın əvvəlində Kutaisi Beynəlxalq Hava Limanının aerodrom infrastrukturunun planlaşdırılmış reabilitasiya işləri ilə əlaqədar iki gün ərzində planlaşdırılmış reyslər Kutaisi Beynəlxalq Hava Limanının yerinə, Tbilisi və Batumi beynəlxalq hava limanlarında yerinə yetiriləcək.
“Reabilitasiya müddəti sentyabrın 3-ü səhər saat 07:00-dan sentyabrın 5-i gecə saat 01:00-a kimi nəzərdə tutulub. Sərnişinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. Bu müddət ərzində planlaşdırılmış gediş/gəliş vaxtları dəyişməz olaraq qalır, yalnız hava limanları dəyişir!
Aviaşirkətlər sərnişinləri hava limanlarının dəyişdirilməsi ilə bağlı elektron poçt vasitəsilə artıq məlumatlandırıblar. Kutaisi Beynəlxalq Hava Limanının rəsmi daşıma şirkəti “Omnibus Express” sərnişinlərin Tbilisidən Kutaisi və Batumiyə, eləcə də Kutaisi və Batumidən Tbilisi Beynəlxalq Hava Limanına daşınmasını təmin edəcək. Əlavə məlumat üçün nəqliyyat şirkəti ilə əlaqə saxlayın” -deyə Kutaisi Beynəlxalq Hava Limanından qeyd ediblər.
Verilmiş məlumatda Kutaisi Beynəlxalq Hava Limanının 2023-cü ilin yeddi ayı ərzində rekord sayda sərnişinə xidmət göstərdiyi deyilir.
“Reyslərin artması ilə birlikdə uçuşların təhlükəsizliyindən irəli gələrək aerodrom infrastrukturunda planlı təmir işlərinin aparılması zəruridir.
Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq standartlarla uyğunluq daim yoxlanılır. Cari təmir işləri illik plana uyğun aparılacaq , bu da hava limanının dolğun fəaliyyətinin tərkib hissəsidir” – deyə Kutaisi Beynəlxalq Hava Limanından bildirilib.