Kursk vilayətinin qubernatoru Ukraynadan diversiya qrupunun daxil olmasının qarşısını aldıqlarını təsdiqləyir
Kursk vilayətinin qubernatoru Ukraynadan diversiya qrupunun daxil olmasının qarşısını aldıqlarını təsdiqləyir

 
Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Ukraynadan diversiya qrupunun daxil olmasının qarşısını aldıqlarını təsdiqləyir.

Ukraynanın diversiya-kəşfiyyat qrupunun Kursk vilayəti ərazisinə daxil olması barədə məlumat səhər saatlarında “Telegram”da yayılıb. Rus hərbi bloqerlər Ukrayna tərəfindən ağır texnika və 100 silahlının Rusiya ərazisinə basqın etdiyini, lakin onların geri püskürdüldüyünü iddia edirlər.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnov da “Telegram”ında dəf edilən hücum barədə yazıb. O bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri və Rusiya Silahlı Qüvvələrinin üzvləri sərhədin qanunsuz keçilməsi cəhdinin qarşısını alıblar.

Bundan əvvəl Kursk vilayətinin Suca və Zaoleşenka yaşayış məntəqələrində atışma səsinin eşidildiyi məlum olub. Sosial şəbəkələrdə zərər görmüş evlərin və avtomobillərin göründüyü videogörüntülər yayılıb, siren səsləri də eşidilir.

“BBC”nin rusdilli xidmətinin yazdığı kimi, Kursk vilayətində vəziyyət ağır olaraq qalır, ukraynalılar Suca şəhəri istiqamətində atəş açırlar.

Ukraynada Rusiya ilə sərhəddə gərginliyin artması ilə bağlı yayılmış məlumatı şərh etməyiblər.