Koba Qvenetadze Ermənistanda yüksək səviyyəli konfransda iştirak edir
Koba Qvenetadze Ermənistanda yüksək səviyyəli konfransda iştirak edir

 

Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze Dilicanda “Bretton Woods Komitəsi” və Ermənistan Mərkəzi Bankının təşkil etdiyi “Yeni makro və texnoloji mühitdə maliyyə və pul” adlı yüksək səviyyəli simpoziumda iştirak edir.

Gürcüstan Milli Bankının verdiyi məlumatda bildirilir ki, simpozium çərçivəsində iştirakçılar əsasən də Covid-19 pandemiyasından sonra maliyyə və ödəniş xidmətləri istiqamətində aktuallaşan yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi imkanlarından danışıblar.

Bununla yanaşı, maliyyəyə çıxışın yaxşılaşdırılmasına və bununla bağlı tənzimləyici və siyasi çağırışlara, eləcə də davamlı iqtisadi sabitliyə və inklüziv artıma töhfə verəcək rəqəmsal valyutanın əhəmiyyətinə toxunulub.

Koba Qvenetadze yeni texnologiyalar və pul siyasəti çərçivəsi haqqında ətraflı danışıb. O, Milli Bankın rəqəmsal valyutanın tətbiqi istiqamətində atdığı addımlara diqqət çəkib. Bununla yanaşı, Milli Bankın prezidenti qeyd edib ki, rəqəmsal valyutadan danışarkən həm müsbət tərəfləri, həm də valyutanın rəqəmsallaşdırılmasından sonra gələcək çağırışları nəzərə almaq lazımdır.

“Mərkəzi Bankın rəqəmsal pulları faiz mənfəəti qazanarsa, pul siyasətinin ötürülməsi mexanizmini gücləndirəcək. Bu, xüsusilə Gürcüstan kimi ölkələr üçün vacibdir, çünki pul siyasətinin ötürülməsi mexanizmi inkişaf etmiş ölkələrdəki kimi güclü deyil” – deyə Koba Qvenetadze bildirib.

Simpoziumda müxtəlif ölkələrin mərkəzi banklarının və hökumətlərinin, özəl sektorun və digər maliyyə institutlarının, akademik və elmi dairələrin nümayəndələri iştirak edirlər.