İsrail Dövləti Knessetinin (parlamentinin) sədri Əmir Ohana Gürcüstana rəsmi səfər edib.
Tbilisi Beynəlxalq Hava Limanında onu Gürcüstan parlamentinin Təhsil və elm komitəsinin sədri, Gürcüstan-İsrail parlament dostluq qrupunun rəhbəri Qivi Mikanadze qarşılayıb.
Sentyabrın 4-də Knessetin spikeri Gürcüstanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Parlamentin spikeri Şalva Papuaşvili qanunverici orqanda Əmir Ohananı qəbul edəcək. Görüşdən sonra iki ölkənin parlament sədrləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Amir Ohana Gürcüstanın baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Ali Məhkəmənin sədri Nino Kadaqidze ilə görüşəcək.
Sentyabrın 5-də Gürcüstan parlamentinin plenar iclasında gürcü deputatlar İsrail Dövləti Knessetinin sədrini və onu müşayiət edən nümayəndə heyətini qarşılayacaqlar.
Səfər çərçivəsində Əmir Ohana Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaq, Davit Baazov adına Gürcüstan Yəhudiləri və Gürcü-Yəhudi Münasibətləri Tarixi Muzeyini ziyarət edəcək, həmçinin gürcü müqəddəsi Serqo Metreveli və ailə üzvləri şərəfinə keçiriləcək mərasimdə iştirak edəcək.