Kiketidə qətldə və 5 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Sentyabrın 17-də Kiketidə bir nəfəri qətlə yetirməkdə və 5 nəfəri yaralamaqda təqsirləndirilən Qela Nioradze barəsində Tbilisi Şəhər Məhkəməsi həbs qətimkan tədbiri seçib.
Sözügedən qərarla məhkəmə ittihamçı tərəfin vəsatətini təmin edib.
Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində 10.000 lari girov qərarı verilməsini tələb edirdi, lakin hakim bu vəsatəti təmin etməyib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 17-də təqsirləndirilən şəxs Kiketi kəndində, yaşayış evlərindən birinin yaxınlığında ev sahibi və qonaqlar ilə mübahisə yaşadıqdan sonra, avtomatik odlu silahla hadisə yerinə qayıdıb və qisas almaq məqsədilə 6 nəfərə müxtəlif bədən xəsarətləri yetirib. Yetirilmiş xəsarətlər nəticəsində bir nəfər xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib, digər zərərçəkənlər isə xəstəxanaya yerləşdirilib.
54 yaşlı kişi barəsində Gürcüstan Cinayət Məcəlləsinin 19,109-cu maddəsinin “b” və “l” yarım bəndləri və GCM-nin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) ittiham irəli sürülüb, bu da 16 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Məsələ üzrə ilkin məhkəmə iclası noyabrın 3-ü saat 14:00-a təyin edilib.