XIN - Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri strateji tərəfdaşlığı, regionun inkişafı üçün sıx əməkdaşlığı bir daha təsdiqləyiblər
XIN - Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri strateji tərəfdaşlığı, regionun inkişafı üçün sıx əməkdaşlığı bir daha təsdiqləyiblər

 

Bakıya səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Gürcüstanın xarici işlər nazirinin Bakıya səfərini müsbət qiymətləndirib, yüksək səviyyəli sıx əlaqələrin Gürcüstan və Azərbaycan arasında ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Onların verdiyi məlumata görə, nazirlər görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın bütün əsas istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

“İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü məmnunluqla qeyd edərək, ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal işləməyə hazır olduqlarını bildiriblər.

Görüşdə dünyada və regionda gedən proseslər, qlobal təhlükəsizlik mühiti və çağırışlar nəzərə alınmaqla Cənubi Qafqaz regionunda sabitliyin və davamlı inkişafın vacibliyi vurğulanıb.

Nazirlər ölkələr arasında iqtisadi, energetika, ticarət və nəqliyyat əlaqələrini yüksək qiymətləndiriblər. Onlar arasında beynəlxalq əhəmiyyətli layihələr Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri və s. qeyd olunub. Tərəflərin qiymətləndirməsinə görə, bu layihələr Gürcüstan və Azərbaycanın cəlbediciliyini artırır, enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təmin edilməsi baxımından böyük potensiala malikdirlər.

Nazirlər pandemiyadan sonrakı dövrdə iqtisadi canlanma fonunda ölkələr arasında artan ticarət dövriyyəsindən məmnunluq ifadə edərək, uğurlu sektorlararası əməkdaşlığın və müntəzəm iqtisadi formatların keçirilməsinin mövcud ticarət tempini daha da gücləndirəcəyinə ümidvar olduqlarını bildiriblər. Hər iki ölkə üçün prioritet olan turizm sahəsi və bu istiqamətdə yaxşı əməkdaşlıq imkanlarına diqqət yetirilib.

Nazirlər Azərbaycan və Gürcüstan arasında mədəni, təhsil və millətlərarası əlaqələrdən söz açaraq, müxtəlif layihələr vasitəsilə bu əlaqələrin daha da dərinləşdirilməsi üçün göstərilən səyləri alqışlayıblar. İlia Darçiaşvili həmkarına səmimi qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin iki ölkə arasında möhkəm dostluq və sıx xalqlararası əlaqələrə əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirib” – deyə məlumatda qeyd olunub.