Xarici İşlər Nazirliyi - Slovakiyanın Xarici İşlər Nazirliyi ilə Gürcüstanın Avropa perspektivinin tanındığı əməkdaşlıq protokolu imzalanıb
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin Slovakiyaya səfəri çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında əməkdaşlıq protokolu imzalanıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda sənədi Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri İlia Darçiaşvili və Slovakiyanın Xarici və Avropa İşləri naziri Rastislav Kaçerin imzaladığı deyilir.
Sənəd iki ölkənin xarici işlər nazirlikləri və səfirlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır və Slovakiyanın Avropaya inteqrasiya yolunda Gürcüstana səmərəli yardımını təsdiq edir. Sənəddə Gürcüstanın Avropa perspektivi tanınır və Gürcüstanın strateji məqsədlərinə – Avropa və Avro-Atlantik inteqrasiya strukturlarına tamhüquqlu üzv olmasına dəstək ifadə edilir. Həmçinin, Slovakiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqına daxil olmaq yolunda gürcü tərəfi ilə Gürcüstanın islahatlarını dəstəkləmək və təşviq etmək, o cümlədən qanunvericilik və sektorların yaxınlaşması yolunda Slovakiyanın təcrübəsini bölüşmək üçün əməkdaşlığa hazır olması xüsusilə vurğulanır.
Sənəddə həmçinin Slovakiyanın aşağıdakı prioritet istiqamətlərdə yardımı qeyd olunur: Gürcüstanın Avropa İttifaqının vahid bazarına ardıcıl inteqrasiyası; Azad Ticarət Sazişinin və Şərq Tərəfdaşlığının İnvestisiya Planının səmərəli həyata keçirilməsi; Əlaqələndiriciliyi gücləndirmək; Həmçinin Aİ-nin xarici və təhlükəsizlik siyasəti, təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində əməkdaşlığın gücləndirilməsi.
Sənəddə həmçinin Gürcüstanın Şimali Atlantika Alyansına üzvlüyünün təşviqi və müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəkdən bəhs edilir. Tərəflər arasında imzalanan əməkdaşlıq protokolu Gürcüstanın suverenliyi və ərazi bütövlüyü prinsipinin dəstəklənməsini vurğulayır.
Qeyd edək ki, sənədin imzalanmasından əvvəl Gürcüstan və Slovakiya xarici işlər nazirlərinin birgə görüşü keçirilib. Adı çəkilən əməkdaşlıq protokolu ölkələr arasında 2000-ci ildə imzalanmış əməkdaşlıq sənədini əvəz etdi. Protokola əsasən, tərəflər mütəmadi məsləhətləşmələr keçirəcək, məsləhətləşmələr çərçivəsində ikitərəfli və çoxtərəfli münasibətlərin digər məsələləri ilə yanaşı, Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Təşkilatına inteqrasiyası ilə bağlı məsələlər də müzakirə olunacaq.