İsani rayonunda Ketevan Dedopali prospektinin tam deabilitasiyasına başlanılıb, – bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi bələdiyyəsinin hökumətinin iclasında danışıb.
Onun qeyd etdiyi kimi, infrastruktur işləri bir neçə mərhələdə aparılacaq və birinci mərhələdə Ketevan Dedopali prospektində yeraltı kommunikasiyalar bərpa olunacaq.
“Biz Ketevan Dedopali prospektinin tam bərpasına başlayırıq. İnfrastruktur layihəsinə metronun Avlabari stansiyasının yaxınlığından yeni təmir edilmiş Lex Kaçinski küçəsinə qədər iki kilometrlik yol daxildir. İşlər bir neçə mərhələyə bölünəcək. Birinci mərhələ yeraltı kommunikasiyaların təşkilidir. Kanalizasiya və su boruları yenilənəcək, drenaj sistemi qurulacaq, eləcə də yeraltı elektrik xətləri çəkiləcək. Prospektdə yeni işıqlandırma sistemi və avtobus zolaqları təşkil olunacaq. Həmçinin, yeraltı zibil qutuları quraşdırılacaq”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bərpa işləri zamanı nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu mərhələdə metronun “Avlabari” stansiyasından Telavi küçəsi ilə kəsişməsinə qədər olan yol hissəsi bağlanacaq.
Bununla belə, paytaxt meri yaranmış narahatlığa görə əhalidən üzr istəyib və qeyd edib ki, müəyyən məhdudiyyətlər olmadan prospektdə tam bərpa işləri aparıla bilməz.
“Küçə tamamilə bağlanmayacaq. İstəyirik ki, avtomobillərin hərəkətinə müəyyən qədər icazə verilsin. Birinci mərhələdə metronun “Avlabari” stansiyasından Telavi küçəsi ilə kəsişməsinə qədər olan yol hissəsi bağlanacaq. Layihə yeddi aydan səkkiz aya qədər davam edəcək. Tbilisi meriyası artıq həm şəxsi, həm də ictimai nəqliyyat üçün alternativ marşrutlar haqqında ətraflı məlumat yayıb. Bütün maraqlı şəxslər qeyd olunan məlumatlarla Tbilisi meriyasının rəsmi saytında tanış ola bilərlər. İşlər zamanı təbii ki, gecikmələr olacaq. Bunun üçün ictimaiyyətdən üzr istəyirəm.. Biz istəmirik ki, iş səthi olsun, yalnız asfalt olsun. Bizim digər infrastruktur layihələrimizin icrası zamanı olduğu kimi burada da hər şey tənzimlənəcək”, – deyə Tbilisi meri bildirib.