Ketevan Dedopali prospektinin tam abadlaşdırılma işləri yekunlaşıb, avtomobillərin hərəkəti bərpa edilib
İsani rayonunda Ketevan Dedopali prospektinin tam abadlaşdırılma işləri yekunlaşıb və yolun hərəkət hissəsində avtomobillərin hərəkəti bərpa edilib. Layihə çərçivəsində Avlabari meydanından Lex Kaçinski küçəsinə qədər olan yol hissəsi tam şəkildə bərpa edilib.
Paytaxt meri Kaxa Kaladze müavinləri İrakli Bendeliani və Andria Basilaia ilə birlikdə görülən işlərlə tanış olub.
“Ketevan Dedopali prospektinin abadlaşdırılması işləri yekunlaşıb. Adıçəkilən ərazidə vəziyyətin nə qədər ağır olduğunu hamımız xatırlayırıq. Layihə çərçivəsində yeraltı kommunikasiyalar tamamilə dəyişdirilib, işıqlandırma dirəkləri quraşdırılıb, elektrik xətləri və bütün kommunikasiyalar yerin altına keçirilib. Həmçinin, yeraltı zibil qutuları qoyulub. İctimai nəqliyyatın ən sürətli olması üçün müvafiq avtobus zolaqları ayrılıb. Bundan əlavə, “Avlabari” metrostansiyasının vestibülünün tənzimləməsi və reabilitasiyası ilə Avlabari meydanının tam yenilənməsinə başlamışıq. Eyni layihə çərçivəsində, Avlabari və Yerevan meydanları yenilənib və abadlaşdırılıb – yaşıllaşdırma işləri aparılıb, işıqlandırma sistemi təşkil edilib və müvafiq infrastruktur yerləşdirilib” – deyə Kaxa Kaladze bildirib.
Tbilisi Meriyası tərəfindən verilən məlumatda bildirilir ki, Ketevan Dedopali prospektinin abadlaşdırılması çərçivəsində yeraltı və yerüstü rabitə şəbəkələri əsaslı şəkildə dəyişdirilib, o cümlədən su təchizatı, kanalizasiya və qaz təchizatı sistemləri yenilənib; Drenaj şəbəkəsi təşkil edilmiş və müasir LED tipli işıqlar quraşdırılmışdır; Elektrik kabelləri yerin altına yerləşdirilib, tullantıların yığılması üçün yeraltı konteynerlər quraşdırılıb; Piyada yolları salınıb, yolun hərəkət hissəsinə üçqat asfalt örtüyü döşənib.
Bundan əlavə, prospektdə yaşıllaşdırma işləri də aparılıb. İctimai nəqliyyat üçün xüsusi zolaq ayrılıb, gözləmə yerləri, velosiped zolaqları, təhlükəsizlik adaları və piyada keçidləri təşkil edilib. Prospektdə mövcud infrastruktur MİŞ üçün uyğunlaşdırılıb.
Meriyadan verilən məlumatda Ketevan Dedopali prospektinin abadlaşdırılmasının paytaxt büdcəsindən 8 milyon 500 min lari vəsaitlə maliyyələşdirildiyi deyilir.
Kaxa Kaladze ilə yanaşı, Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze, Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin rəhbəri vəzifəsini icra edən Paata Toqonidze, Nəqliyyat və Urban İnkişaf Agentliyinin rəhbəri Viktor Tsilosani, eləcə də İsani rayonunun icra başçısı Nika Elisaşvili və rayonun Sakrebulodakı majoritar deputatı Kaxa Labuchidze ərazidə olublar.