Keniyada polis vergilərin artırılması təşəbbüsünə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli su şırnaqlarından istifadə edib
Keniyada polis vergilərin artırılması təşəbbüsünə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli su şırnaqlarından istifadə edib

 
Keniyanın paytaxtı Nayrobi və digər şəhərlərdə polis vergilərin artırılması təşəbbüsünə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli su şırnaqlarından istifadə edib. Ən azı bir nəfər yaralanıb.

Qanunvericilərin vergilərin artırılması ilə bağlı qanun layihəsini müzakirə etdikləri parlament, eləcə də digər hökumət binaları yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Etiraz aksiyasının təşkilatçıları vətəndaşları nümayişlərə və ümumi tətilə çağırırlar. Etirazçılar vergilərin artırılması ilə bağlı qanun layihəsinin geri götürülməsi ilə yanaşı, prezident Uilyam Rutonun istefasını da tələb edirlər.

Parlamentin üzvləri qanun layihəsində təklif olunan dəyişiklikləri, o cümlədən avtomobil sahibi olduğuna görə şəxsə verginin tətbiq edilməsini nəzərdə tutan təşəbbüsün götürülməsini dəstəkləyiblər. Müxalifətdən olan deputatlar səsvermədə iştirak etməyiblər.

Hökumətin planına əsasən, yeni qanun ölkənin büdcəsinə vergilər şəklində əlavə 2,7 milyard dollar qazandırmalıdır və bu səy büdcə kəsirinin və dövlət borcunun azaldılmasına yönəlib.

Qanun layihəsində müəyyən dəyişikliklər edilməsinə baxmayaraq, etiraz aksiyasının iştirakçıları onun tam şəkildə geri götürülməsini tələb edirlər. Qanun layihəsinin əleyhdarları bildirirlər ki, bu, keniyalıların yaşayış xərclərini daha da artıracaq.