Keniyada polis parlamentə girməyə cəhd edən etirazçılara atəş açıb, azı beş nümayişçi həlak olub
Keniyada polis parlamentə girməyə cəhd edən etirazçılara atəş açıb, azı beş nümayişçi həlak olub

Keniyada vergi artımına etiraz edən nümayişçilər qanunverici orqana basqın etməyə cəhd ediblər, bu zaman polis etirazçılara atəş açıb, ən azı beş nümayişçi həlak olub. Onlarla insan yaralanıb. Məlumatı “Reuters” yayıb.

İnsidentdən sonra Keniya prezidenti Uilyam Ruto təhlükəsizliyin onun “ən yüksək prioriteti” olduğunu deyib.

Keniyanın paytaxtından başqa digər şəhərlərdə də etiraz aksiyaları keçirilib. Nümayişçilər vergilərin artırılması ilə bağlı qanun layihəsinin geri götürülməsini və prezidentin istefasını tələb edirlər.

Yerli medianın məlumatına görə, Keniya paytaxtında polis etirazçıları gözyaşardıcı qaz və su şırnaqları ilə dağıta bilmədikdən sonra onlara atəş açıb. Nəhayət, polis aksiya iştirakçılarına parlamentin ərazisini tərk etməyə icazə verib, deputatlar isə yeraltı tunel vasitəsilə təxliyə edilib.

Millət vəkilləri qanun layihəsində təklif olunan dəyişiklikləri dəstəkləsələr də, avtomobilin mülkiyyətinə görə verginin tutulmasını nəzərdə tutan təşəbbüsü aradan qaldırıblar. Müxalifətdən olan deputatlar səsvermədə iştirak etməyiblər. Hökumətin planına görə, yeni qanun ölkə büdcəsinə vergilər şəklində əlavə 2,7 milyard dollar daxil etməlidir və bu səy büdcə kəsirinin və dövlət borcunun azaldılmasına yönəlib.