Keniya prezidenti etiraz çıxışlarına və iğtişaşa səbəb olan vergi artımına dair qanun layihəsini geri götürəcəyini bildirib
Keniya prezidenti etiraz çıxışlarına və iğtişaşa səbəb olan vergi artımına dair qanun layihəsini geri götürəcəyini bildirib

Keniya prezidenti Uiliyam Ruto ölkədə etiraz çıxışlarına və iğtişaşa səbəb olan vergi artımına dair qanun layihəsini geri götürəcəyini bildirib. Bu barədə “BBC” məlumat yayır.

Prezidentin televiziya müraciətində bildirdiyi kimi, keniyalılar qeyd olunan qanun layihəsini istəmirlər, ona görə də o, qanun layihəsini imzalamayacaq və müvafiq olaraq sənəd geri götürüləcək. Rutonun söylədiyinə görə, o, gənclərlə dialoqa başlamaq və böhran əleyhinə iqtisadi tədbirlər üzərində işləmək niyyətindədir.

Məlumat üçün bildirək ki, iyunun 25-də Keniyada qanun layihəsinə qarşı keçirilən nümayişdə azı 22 nəfər həlak olub. Nayrobidə polis parlamentə daxil olmaq istəyən və binayı oda verən aksiya iştirakçılarına qarşı atəş açıb.

Nayrobi və Keniyanın digər şəhərlərində ötən həftədən bəri nümayişçilər vergi artımını nəzərdə tutan qanun layihəsinə etiraz edirdilər. Qanun layihəsinin əleyhdarları bunun keniyalıların yaşayış xərclərini daha da artıracağını bildirirdi. Hökumətin planına əsasən, büdcə kəsirinin və dövlət borcunun azaldılması üçün zəruri olan yeni qanun ölkənin büdcəsinə əlavə olaraq 2,7 milyard dollar vergi daxil etməli idi.