Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi Kembric beynəlxalq imtahanlarının kompüter əsaslı versiyalarının (CB PET, CB FCE və CB CAE) qeydiyyatına 1 iyun tarixində başlayır.
Namizədlər qeydiyyatdan 15 iyun tarixinə qədər keçə biləcəklər.
Bu müddətdə qeydiyyatdan keçə bilməyən namizədlər üçün gec qeydiyyat 16 iyunda başlayacaq və 17 iyun saat 16:00-dək davam edəcək.
2026-cı ilin iyun imtahan sessiyasında namizədlər qeydiyyatı Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi -nin rəsmi internet saytı vasitəsilə onlayn şəkildə həyata keçirəcəklər.
Qeydiyyat prosesində namizəd bütün məcburi xanaları doldurmalı, ödənişi təsdiq edən qəbzi, həmçinin şəxsiyyət vəsiqəsini və ya pasportunu yükləməlidir. Əgər namizəd bu sənədlərə malik deyilsə, “17 yaş və ya daha aşağı yaşlı namizədlər üçün identifikasiya forması” təqdim etməlidir.
Qeydiyyat yalnız namizəd mərkəzdən SMS bildirişi aldıqdan sonra uğurlu hesab olunur.
İmtahan cədvəli elektron poçt ünvanına standart qeydiyyatın başa çatmasından bir həftə sonra göndəriləcək.
Kembric beynəlxalq imtahanlarının sertifikatı müddətsizdir və dünyanın bir çox universitet və təşkilatı tərəfindən tanınır.
Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi bu imtahanları ildə üç dəfə — mart, iyun və dekabr aylarında təşkil edir və keçirir.