Kelli Deqnan - Gürcüstandan Ukraynaya çoxpartiyalı nümayəndə heyətinin səfəri çox müsbət əlamətdir
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın sözlərinə görə, Gürcüstandan Ukraynaya çoxpartiyalı nümayəndə heyətinin səfəri çox müsbət əlamətdir.
Kelli Deqnan qeyd edir ki, nümayəndə heyəti Ukraynaya getməklə gürcü xalqının Ukraynanın suverenliyi və ərazi bütövlüyü naminə Rusiyanın təcavüzünə qarşı onun yanında olmasına dair güclü istəyini ifadə edir.
“Gürcüstan nümayəndə heyətinin çoxpartiyalı olması çox vacib əlamətdir, bu da gürcü xalqının Ukraynanın suverenliyi və ərazi bütövlüyü naminə Rusiyanın təcavüzünə qarşı onun yanında olmasına dair güclü istəyini ifadə edir. Belə ki, Gürcüstandan Ukraynaya çoxpartiyalı nümayəndə heyətinin səfəri çox müsbət əlamətdir.
Məndə olan məlumata görə, parlamentin sədri Şalva Papuaşvilinin Ukrayna Radasının sədri ilə çox müsbət telefon danışığı baş tutub. Fikrimcə, bəzən müxtəlif səbəblərdən, mətbuat və birbaşa danışmaq imkanı olmadığından anlaşılmazlıqlar yaranır. Bunu yoluna qoymağın ən yaxşı vasitəsi üz-üzə danışmaqdır. Gürcü xalqının Ukrayna xalqına göstərdiyi qardaş dəstəyinin davam etməsindən dolayı olduqca şadıq” -deyə Kelli Deqnan bildirib.
ABŞ səfirinin sözlərinə görə, Gürcüstanla Ukrayna arasında yaranan qarşıdurmadan yalnız Rusiya faydalanır.
“Hazırda bu birliyi görmək çox ruhlandırıcıdır. Bu elə bir məqamdır ki, bu məqamda hamı bir olmalı, başqa ölkəni zəbt etmək üçün gücdən istifadənin, dinc əhalinin bombalanmasının bağışlanmayacağını açıq şəkildə bildirməlidir. Bu qəbuledilməzdir və hesab edirəm ki, nümayəndə heyətinin səfəri bunun güclü təsdiqidir” -deyə Kelli Deqnan bildirib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Ukraynaya yola düşüb.
Nümayəndə heyətinə Gürcüstan parlamentinin vitse-spikerləri – Davit Serqeenko, Arçil Talakvadze və Levan İoseliani , həmçinin Gürcüstan Parlamentinin Diaspor və Qafqaz Məsələləri Komitəsinin sədri Beka Odişaria, “Lelo”-nun üzvü Ana Natsvlişvili, “Qirçi”-nin üzvü Vaxtanq Meqrelişvili, “Respublikaçılar”-ın üzvü Xatuna Samnidze və “Gürcüstan Naminə” partiyasının üzvü Qiorqi Xocevanişvili daxildir.