Kelli Deqnan - dünyada, Gürcüstanda gender əsaslı zorakılığın artması narahatlıq doğurur, bu problemi aradan qaldırmaq üçün hökumət, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edirik
Gürcüstanda BMT-nin agentliklər qrupu iqtidar və ictimai təşkilatlarla birgə əməkdaşlıqla, gender bərabərliyi məsələlərinə dair milli konfrans keçirir.
Konfransda Gürcüstan Prezidenti Salome Zurabişvili, Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı daimi əlaqələndiricisi Sabine Maxli, eləcə də diplomatik korpusun, icraçı və qanunvericilik hakimiyyətinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan dünyada, eləcə də Gürcüstanda femisid və gender əsaslı zorakılığın artmasının narahatlıq doğurduğunu və ABŞ səfirliyinin bu problemin aradan qaldırılması üçün hökumət, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirib.
“Bu konfrans artıq on il ərzində qadınlar və qızlar üçün sosial, iqtisadi hüquqlar, imkanların inkişafı baxımından çox vacib işlər görür. Bildiyiniz kimi, gender bərabərliyi prezident Baydenin xarici siyasətinin mərkəzi hissəsidir. Biz istər dünyada, istərsə də Gürcüstanda femisidin və ümumilikdə gender əsaslı zorakılığın artmasından narahatıq. Bu problemi aradan qaldırmaq və fərqindəlik yaratmaq üçün hökumət, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edirik” – deyə Kelli Deqnan açıqlayıb.