Kasım-Jomart Tokayev iki günə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin Qazaxıstandan çıxarılmasına başlanılacağını bildirib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin ölkədən iki günə çıxarılmasına başlanılacağını və prosesin 10 günə qədər davam edəcəyini bildirib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki günə sülhməramlı kontingentin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi on gündən çox çəkməyəcək” -deyə Tokayev parlamentdəki çıxışında bildirib.
Tokayevin sözlərinə görə, ölkədə dövlət çevrilişinə cəhd uğursuz olub və hazırda Qazaxıstanda vəziyyət sabitdir. Onun sözlərinə görə, döyüşçülərin planı mürəkkəb olub.
“Qazaxıstana hücum planı müxtəlif aspektləri – hərbi, siyasi, ideoloji, dezinformasiya və s. əhatə edirdi. Peşəkarlar hakimiyyəti ələ keçirmək üçün hazırlıq görüblər “-deyə Tokayev məclisdə çıxışında qeyd edib.
Prezident ölkədə təhlükəsizlik sistemində əsaslı dəyişikliklərin aparılmasının zəruriliyindən danışıb, Milli Qvardiyanın gücləndirilməsinin, döyüş hazırlığının yüksəldilməsinin vacibliyini vurğulayıb. Kasım-Jomart Tokayev hökumət rəsmilərinə hücuma görə məsuliyyəti gücləndirmək təşəbbüsü ilə də çıxış edib. Sərhəd Xidmətinin iş prinsiplərinə yenidən baxılacaq. O, hökuməti ekstremizmlə mübarizə üçün tədbirlər görməyə çağırıb.
Prezident təhlükəni vaxtında görməyən Milli Təhlükəsizlik Komitəsinin işini də tənqid edib və bəzi şəhərlərdə baş verən iğtişaşlar zamanı komitənin nümayəndələri öz postlarını tərk ediblər.
Kasım-Jomart Tokayev yeni baş nazir Əlixan Smailova hökumətin fəaliyyət planını təqdim etməyi tapşırıb.