Kareli rayonunda yaşayış evlərinin və meyvə bağlarının od vurularaq məhv edilməsi faktı üzrə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib
Gürcüstan Prokurorluğu Kareli rayonunda yaşayış evlərinin, anbarlar və meyvə bağlarının od vurularaq məhv edilməsi faktı üzrə
bir nəfər barəsində ittiham irəli sürüb.
Gürcüstan Prokurorluğu tərəfindən verilən məlumatda, ittihamçı tərəfin vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi deyilir.
“DİN tərəfindən aparılan istintaq nəticəsində, avqustun 28-də Kareli rayonunun Elbakiantkari kəndində, sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxsin tullantıları məhv etmək məqsədilə, özünəməxsus yaşayış evinin həyətində ocaq qaladığı müəyyən edilib. Onun həmkəndliləri yanğının gözlənilən ağır fəsadları barədə xəbərdarlıq edərək ocağın söndürülməsini istəsələr də, o ocağı söndürməyib və köməyə gələn qonşuları evdən qovub.
Geniş əraziyə yayılan yanğın nəticəsində Elbakiantkari kəndində ümumi dəyəri 300 min lari olan 6 ev, yardımçı anbarlar və meyvə bağları yanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “A” yarımbəndi və 3-cü hissəsi ilə ittiham irəli sürülüb , bu isə cəza olaraq altı ildən on ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayət işi üzrə istintaq davam etdirilir” – deyə məlumatda deyilir.