Kanye West-in konserti ilə əlaqədar Tbilisidə şəhər ictimai nəqliyyatı sərnişinlərə uzadılmış iş saatları ilə xidmət göstərəcək
Amerikalı repçi Kanye West-in 12 iyunda “Dinamo Arena”da keçiriləcək konserti ilə əlaqədar Tbilisidə metro və bəzi avtobus marşrutları sərnişinlərə uzadılmış iş saatları ilə xidmət göstərəcək.
Bu barədə Tbilisi bələdiyyəsinin iclasında paytaxt meri Kakha Kaladze məlumat verib.
Onun sözlərinə görə, konsert günü ictimai nəqliyyat 13 iyun saat 02:00-dək işləyəcək ki, tədbir iştirakçıları rahat şəkildə evlərinə qayıda bilsinlər.
Eyni zamanda 12 iyun saat 07:00-dan etibarən Boris Paichadze Dinamo Arena ətrafında, o cümlədən Slava Metreveli və Giorgi Tsabadze küçələrində avtomobil hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat alternativ yollar vasitəsilə təşkil ediləcək.
Tbilisi meriyasının məlumatına görə, alternativ marşrutlarla bağlı ətraflı informasiya yaxın günlərdə əlavə olaraq yayımlanacaq.