Kaxeti üzrə dövlət müvəkkili - baş nazirin qərarına əsasən, dövlət Kaxetidə təbii fəlakətdən zərər çəkmiş insanların zərərini qarşılayacaq
Ötən gecə güclü fəlakət Kaxeti bölgəsinə növbəti dəfə ziyan vurub. Güclü dolu və külək nəticəsində Telavi, Ğvareli və Laqodexi munisipalitetləri zərər çəkib.
Kaxeti bölgəsi üzrə dövlət müvəkkili Qiorqi Aladaşvili təbii fəlakətin həm torpaqlara, həm də yaşayış evlərinə ziyan vurduğunu deyib.
Kaxeti bölgə administrasiyasının məlumatında bildirilir ki, itkilər hesablandıqdan sonra baş nazirin qərarına əsasən, dövlət zərər çəkmiş əhaliyə yardım edəcək.
“Baş nazirin tapşırığı ilə bütün aidiyyatı qurumlar bölgəyə səfərbər edilib. Sözügedən qurumların nümayəndələri gecə boyu bölgədə işləyiblər. Dəymiş ziyan hesablanır. Müvafiq prosedurlardan keçdikdən sonra baş nazirin qərarı ilə zərərçəkmiş əhaliyə dəymiş ziyan qarşılanacaq. Biz vətəndaşlarla ünsiyyətdəyik və heç bir sakin diqqətdən kənar qalmayacaq” – Qiorqi Aladaşvili bildirib.
Fəlakət Ğvareliyə xüsusi ziyan vurub. Belə ki, Ğvareli, Qremi, Eniseli, Sabue və Chikaanidə yaşayış evlərinin dam örtüyünün bir hissəsi, əkin sahələrinin bir hissəsi, avtomobillərə ziyan dəyib. Həmçinin bütün kəndlərdə əkin sahələrinə dolu düşüb.
Güclü külək magistral yollarda ağacları kökündən çıxarıb. Gecə boyu təbii fəlakətin episentrində Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri və munisipalitetin nümayəndələri işləyiblər. Yolların təmizlənməsi işləri aparılıb.
Sentyabrın 17-də dolu və güclü külək Kaxetinin daha bir munisipalitetinin, Laqodexinin kəndlərinə ziyan vurub. Təbii fəlakət sakinlərin evləri ilə yanaşı, əkin sahələrinə və üzüm bağlarına ziyan vurub. Xarici işıqlandırma dirəkləri və elektrik naqilləri də zərər görüb. Artıq yerli munisipalitet və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin köməyi ilə ilkin işlər görülüb.
Təbii fəlakət Telavi Munisipalitetinin Pşaveli, Napareuli və Lalisğuri kəndlərinə də xeyli ziyan vurub.