Kaxa Kaladze - Ursula fon der Laienin açıqlaması çox narahatlıq doğurucudur, 2008-ci ilin müharibəsi guya heç nə imiş, bizim qəhrəman oğlanlarımız boş yerə ölüblər, nə üçün döyüşürdülər?!
Tbilisi meri Kaxa Kaladze mediaya açıqlama verərkən Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienin Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyinə görə tarixdə ilk dəfə olaraq Rusiyanın hücumuna məruz qalması ilə bağlı bəyanatına cavab verib.
Kaxa Kaladzenin dəyərləndirməsinə əsasən, 2008-ci ilin avqust müharibəsinin də eyni səbəbdən Gürcüstanda baş verdiyini nəzərə alsaq, belə bir bəyanat çox narahatçılıq doğurucudur.
“Ursula fon der Laienin bəyanatında ən pis və ən narahat doğurucu məqam ondan ibarətdir ki, Rusiya tarixdə ilk dəfə olaraq Avropa İttifaqına qoşulmaq istəyinə görə Ukraynada hərbi əməliyyatlara başlayıb. 2008-ci il sən demə heç nə imiş. Qəhrəman oğlanlarımız boş yerə öldürülübmüş. Nə üçün döyüşüblər?!”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir.
“Bu münasibət qətiyyən qəbuledilməzdir. Özümüzün, vətənimizin qədrini bilməliyik. Xalqımızın seçdiyi yolu biz də dəfələrlə səsləndirmişik – bu, Avropalı gələcəkdir. Amma bu çətin yolda bu cür bəyanatları eşitmək şəxsən məndə, bu ölkədə doğulub boya-başa çatan və gürcü olması ilə fəxr edən insanda böyük qəzəb doğurur”, – deyə Kaxa Kaladze bildirib.