Kaxa Kaladze - Universitet küçəsində ikitərəfli hərəkət dekabrın 4-dən bərpa olunacaq
Dekabrın 4-dən Universitet küçəsində ikitərəfli hərəkət bərpa olunacaq. Bu barədə Tbilisinin meri Kaxa Kaladze özünün müavini İrakli Bendeliani ilə birlikdə işlərin son mərhələsi ilə tanış olduğu Universitet küçəsində bildirib
“Küçənin abadlaşdırılması işləri faktiki olaraq başa çatıb. Yol hissəsi son qatlardadır və bazar ertəsindən hər iki istiqamətdə hərəkət etmək mümkün olacaq. Hərəkət baxımından uzun müddətdir mövcud olan narahatlıq və problem bazar ertəsindən etibarən tamamilə aradan qaldırılacaq.
Açığı, təkcə bu küçədə deyil, ümumilikdə Saburtalo rayonunda hərəkət baxımından narahatlıq var idi, sözügedən küçənin bağlanması bir çox problemlər yaradırdı, hərçənd əks halda bu miqyasda və bu tipli işlərin aparılması mümkün deyil”, Kaxa Kaladze bildirib.
Paytaxt merinin müavini İrakli Bendelianinin sözlərinə görə, yolun hərəkət hissəsinin işləri başa çatıb və hazırda cizgiləmə işləri, həmçinin işıqfor və dayanacaqların quraşdırılması işləri aparılır. Onun sözlərinə görə, yeraltı kommunikasiyaların bərpası başa çatıb, su təchizatı, kanalizasiya, drenaj və qaz təchizatı şəbəkələri yenilənib. İrakli Bendelianinin qeyd etdiyinə əsasən, Universitet küçəsində xarici işıqlandırma dirəkləri yenilənib və eyni zamanda ətraf ərazilərdə abadlıq işləri aparılır.
Müəllif -
Mehemmed Bayramaliyev