Kaxa Kaladze Rustaveli-Mtatsminda kanat yolunun tikinti-bərpa işlərinə nəzər salıb

Tbilisi meri Kaxa Kaladze Rustaveli-Mtatsminda kanat yolunun tikintisi və bərpası işlərinə nəzər salıb.

Onun sözlərinə görə, işlər aktiv şəkildə davam etdirilir və kanat yolunun tikintisi 2022-ci ilin sonuna qədər başa çatdırılacaq.

“Bir aya yaxındır ki, işlər gedir. Mən fəxr edirəm ki, bu kanat yolu Tbilisidə bərpa olunacaq. Tarixi-mədəni irs abidəsi statusuna malik bina, qəbul-nəzarət məntəqəsi mümkün qədər bərpa olunacaq, təmir olunacaq, orijinal görkəmi və orijinallığı qorunub saxlanılacaq. Bu, çox yaxşı layihədir və əminəm ki, çoxlu Tbilisililər və paytaxt qonaqları bu layihə başa çatdıqdan sonra bundan faydalanacaqlar”, – deyə Kaxa Kaladze bildirib.

Tikinti-memarlıq hissəsinə kanat yolunun aşağı və yuxarı stansiyalarının tam bərpası və 5 yeni qüllənin bünövrəsinin düzülməsi daxildir. Sözügedən işləri “Daqi” tikinti şirkəti yerinə yetirəcək, mühəndis-texnoloji hissəyə isə Avstriyanın Doppelmayr Seilbahnen GmbH şirkəti cavabdehdir.

Rustaveli-Mtatsminda birləşdirən kanat yolu saatda 1200 sərnişinə xidmət göstərəcək. Xəttdə 21 qondola olacaq, yolun orta sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu isə 845,55 metr olacaq. Kanat yolunun istismara verilməsi 2022-ci ilin sonuna planlaşdırılır və idarə olunması üçün Mtatsminda Parkına təhvil veriləcək.