Kaxa Kaladze - on tranzit dəhlizinin salınmasıyla ictimai nəqliyyat ləngimə olmadan daha da sürətlə hərəkət edəcək
Paytaxt meri Kaxa Kaladze Tbilisidə problemli qovşaqlar və nəqliyyatın gözləmə müddəti də daxil olmaqla nəqliyyat istiqamətində bir sıra mühüm problemlər olduğunu bildirib.
Bu barədə o, nəqliyyat siyasəti ilə nəzərdə tutulmuş növbəti mərhələləri ictimaiyyətə təqdim etdiyi təqdimatda açıqlayıb.
“Bugün mövcud olan çağırışlar bunlardır: 13 problemli qovşaq – bu, ictimai nəqliyyat üçün hərəkət baxımından ciddi problem yaradır. Bu da avtobus və mikroavtobuslarda sərnişinlərin sayının artmasına səbəb olur. Onlar müvafiq dönüşləri tamamlaya bilmirlər. Nəqliyyat tıxacda qalmamalıdır. Bunun üçün bu 13 problemli qovşağın qaydaya salınması və avtobus zolaqlarının təşkilinə davam etmək lazımdır; Avtobusların gözləmə müddətinin daha da azaldılması – 18 dəqiqədən səkkiz dəqiqəyə – ortalama gözləmə müddəti 18 dəqiqədir, lakin elə yerlər var ki, insanlar yarım saat və ya 40 dəqiqə gözləməli olurlar; Həmçinin, ictimai nəqliyyatda 30% daha az vaxta səyahət etmək imkanı yaratmaq çağırışdır. Bunun üçün infrastrukturu təkmilləşdirmək, yeni avtobuslar əlavə etmək, avtobus zolaqlarını təşkil etmək lazımdır.
İctimai nəqliyyatdan istifadənin ildə orta hesabla 10% artırılması – siyasətimiz mümkün qədər çox insanın ictimai nəqliyyatdan, mümkün qədər az insanın isə şəxsi avtomobildən xüsusilə iş günlərində istifadə etməsinə yönəlib; İctimai nəqliyyatın ümumi tutumunun 84 060 yerdən 110 000 yerə qədər artırılması – bu, 18 metrlik yeni avtobusların əlavə edilməsi ilə mümkün olacaq; Metro stansiyalarının yenilənməsi çağırışdır, biz bunu yaxın gələcəkdə həll edəcəyik” -deyə Tbilisi meri açıqlayıb.
O, mövcud problemlərin həlli üçün aşağıdakı addımların atılmalı olduğunu bildirib: 13 problemli qovşağın qaydasına salınması, bununla da on tranzit dəhlizi birləşəcək; Əlavə olaraq 200 ədəd 18 metrlik avtobusun alınması və daxil edilməsi; Metro üçün 40 yeni vaqon; Metro stansiyalarının bərpası; Nəqliyyat axınının idarə edilməsinin “ağıllı sistemi”nin tətbiqi və taksi islahatının III mərhələsi.
Tranzit dəhlizlərinə gəlincə, paytaxt meri Tbilisidə on analoji dəhlizin təşkil olunacağını və bunun nəticəsində ictimai nəqliyyatın daha da sürətlə və rahat hərəkət edə biləcəyini açıqlayıb.
Tranzit dəhlizləri bunlardır: I dəhliz (Politkovskaya küç.-Qabriel Salosi pr.); II dəhliz (Universitet küç.-Moskva prospekti); III dəhliz (Tamaraşvili küç.-Moskva pr.); IV dəhliz (Çavçavadze pr. – Xizanişvili küç.); V dəhliz (Vaja-Pşavela pr. – Qabriel Salosi pr.); VI dəhliz (Universitet küç. – Kupradze küç.); VII dəhliz (Xizanişvili küç. – Kupradze küç.); VIII dəhliz (Tavdadebuli küç. – Vağzal meydanı); IX dəhliz (Tavdadebuli küç. – Universitet küç.); X dəhlizi (Xizanişvili küç. – Universitet küç.). 10 sürətli tranzit dəhlizinin tikintisi başa çatdırılacaq.
“10 tranzit dəhlizinin təşkili nəqliyyat siyasətimiz və munisipalitet üçün çox vacibdir. Bütün bunlar avtobus və mikroavtobusların paytaxtda daha da sürətlə, ləngimədən hərəkət etməsinə imkan verəcək” – deyə Kaxa Kaladze bildirib.