Kaxa Kaladze - mənim tapşırığımla son illərdə "Mshenexpert" tərəfindən ekspertizadan keçmiş bütün obyektlər yoxlanılacaq
Sakrebuloda büdcə layihəsini təqdim edərkən Kaxa Kaladze Sakrebulo üzvlərinin Vake Parkının reabilitasiyasının təhlükəsizliyi və bələdiyyə layihələrinin həyata keçirilməsində təhlükəsizlik komponenti ilə bağlı suallarını cavablandırıb.
Tbilisi meri istintaqın Vake Parkının ən dəhşətli faciəsi ilə bağlı suallara cavab verməli olduğunu bildirib. K.Kaladze tapşırığı əsasında meriyanın “Mshenexpert”in hazırladığı bütün rəyləri yoxlayacağını bildirib.
“Təhlükəsizliyə, tikintilərin keyfiyyətinə xüsusi diqqət yetirilir və bütün bu müddət ərzində, 2017-ci ildən bu yana paytaxtın müxtəlif rayonlarında, küçələrində, məhəllələrində nə qədər layihə həyata keçirilib, bir problem belə olmayıb, yalnız işlər başa çatdıqdan sonra deyil, həm də iş prosesində bilavasitə işləri aparan insanların başından bir tük belə düşməyib. Başımıza gələn bu faciə ilə bağlı, təbii ki, istintaq bütün suallara cavab verməlidir, problem nə idi, nə alınmadı, niyə alınmadı və s.
Ekspertizanın rəyinə gəlincə, mənim tapşırığımla son illərdə “Mshenexpert” tərəfindən ekspertizadan keçmiş bütün obyektlər yoxlanılacaq. Həmçinin, həyata keçirilməmiş, ancaq meriyada layihə formasında olan və rəyinin “Mshenexpert” tərəfindən hazırlandığı layihələr də ekspertizadan keçiriləcək.
Bununla yanaşı, vitse-mer İrakli Xmaladze “Mshenexpert” tərəfindən aparılan ekspertizanın yoxlanışının təfərrüatları barədə ətraflı danışıb.
İrakli Xmaladze alternativ ekspertiza tərəfindən təklif edilən bütün dəyişikliklərin layihələrdə nəzərə alınacağını bildirib. Vitse-merin qeyd etdiyi kimi, şəhərdəki fəvvarələrin istifadəyə verilməsi yalnız onların elektrik şəbəkəsinin təhlükəsizliyi öyrənildikdən sonra mümkün olacaq.
“Mshenexpert” tərəfindən icra olunan 20-yə yaxın layihə artıq təkrar ekspertizaya göndərilib və yəqin ki, gələn ilin ikinci rübündə başa çatdırılacaq və alternativ ekspertizanın təklif etdiyi bütün dəyişikliklər layihələrdə nəzərə alınacaq.
Bundan əlavə, Tbilisidəki fəvvarələrin elektrik şəbəkəsinin təhlükəsizlik hissəsində yoxlama aparılır və yalnız bundan sonra, mövsüm yaxınlaşan kimi fəvvarələr işə salınacaq” – deyə İrakli Xmaladze bildirib.