Kaxa Kaladze - guya övladlarımı dövlət helikopterinin köməyi ilə fəlakət bölgəsindən çıxardığıma dair məlumat yalandır, qəsdən yalan məlumat yaymaq böyük qəddarlıqdır
Bir şayiəyə, mənim və ailəmlə bağlı qəsdən yayılan dezinformasiyaya toxunmaq istərdim, guya mən dövlət helikopterinin köməyi ilə övladlarımı fəlakət bölgəsindən çıxarmışam, bu, təbii ki, çox böyük yalandır, dezinformasiyadır-bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında açıqlayıb.
O, bununla bağlı artıq açıqlamalar verdiyini və həqiqəti ictimaiyyətə dediyini bildirib.
“Mən sadəcə olaraq belə hərəkət edən və bu addımları atan bir insanı təsəvvür edə bilmirəm. Bunu edəcək bir insanın olub olmadığını təsəvvür edə bilmirəm. Kimin hansı siyasi baxışa malik olmasının fərqi yoxdur, amma bütün bunları bilərəkdən edib məni birbaşa qaralamaq çox ağırdır. Siz bunu etməyə və təbii ki, insanları mənə və ailəmə qarşı aqressivləşdirməyə çalışırsınız, sözügedən yalan da məhz buna cəhd idi və birbaşa demək olar, çox böyük qəddarlıq idi. Bu cür yalan məlumatı bilərəkdən yoxlanılmadan yaymağınız böyük qəddarlıqdır.
Bir neçə gün əvvəl “İmedi” televiziya şirkəti bu məsələ ilə bağlı mənə müraciət edərək, ailəmin Şovidən çıxarılmasını əks etdirən müşahidə kameralarının qeydlərini əldə etmək üçün icazə istəyib. Təbii ki, buna öz razılığımı vermişəm. Cəmiyyət həqiqəti öz gözləri ilə gördü və bəzi KİV-lərin, siyasətçilərin, siyasi fəalların nəyə qadir olduğunu gördü. Ancaq burada qeyd etməliyəm ki, bu qəddarlığı pisləyənlər də olub. Müxalifət telekanallarında çalışan çoxlu jurnalistlər var idi və mətbuat xidmətimizə daxil olan və bunun çox çirkin olduğunu bildirən bildirişlər səngimək bilmirdi və bu mövqeyə görə onların hər birinə təşəkkür edirəm. Müxtəlif siyasi partiyaların tərəfdarı olanlar da çox idi və onlar da bu cür yalan və şayiələrin yayılmasının nə qədər iyrənc olduğuna dair fikirlərini bildirdilər. Mən hər kəsə mövqe nümayiş etdirdiyinə görə təşəkkür edirəm, çünki bunun kimin hansı siyasi partiyanı təmsil etməsi, kimin hansı siyasi baxışa sahib olması ilə doğrudan da heç bir əlaqəsi yoxdur. Bu cür qəddarlıq cəmiyyətimizi və sabahımızı məhv edir, ziyan vurur”- Kaladze açıqlayıb.
Onun sözlərinə görə, indi birlik içərisində olmaq, bir-birini ruhlandırmaq, həlak olanların ailələrinin, yaxınlarının ağrısını mümkün qədər yüngülləşdirmək lazımdır.
“Biz hər kəsə göstərməliyik ki, biz yenə də hər şeyi bir kənara qoyub, belə dəhşətli faciə zamanı bir-birimizin yanında dayana bilərik. Dəqiq bilirəm ki, biz gürcülər nifrət əvəzinə xeyirxahlığı paylaşmaq, dözümsüzlük əvəzinə bir-birinin yanında olmaq nümunələri göstərmək bacarığına malikik. Tanrı ölkəmizi və övladlarımızı qorusun”- deyə Kaxa Kaladze bildirib.