Kaxa Kaladze - Quriyada və bütün Gürcüstanda təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinin ürək ağrısını bölüşürəm
Bütün Gürcüstanda, Quriyada təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinin ürək ağrısını bölüşürəm, – bu barədə paytaxtın meri Kaxa Kaladze öz Facebook səhifəsində yazır.
Kaxa Kaladzenin sözlərinə görə, bütün dövlət qurumları təbii fəlakət bölgəsinə səfərbər olunub və xilasetmə tədbirləri davam etdirilir.
“Gürcüstanı yenidən təbii fəlakət sarsıtdı – Quriya bölgəsində güclü yağışın səbəb olduğu sürüşmə insan həyatına son qoydu. Təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinin və yaxınlarının, eləcə də bütün Gürcüstanın ürək ağrısını ürəkdən bölüşürəm. Bütün dövlət qurumları təbii fəlakət bölgəsinə səfərbər olunub, xilasetmə işləri aparılır”, – Kaxa Kaladze yazıb.
Quriya bölgəsində baş verən təbii fəlakət nəticəsində 2 nəfər ölüb, bir nəfərin axtarışları hələ də davam edir. Güclü yağış nəticəsində bir neçə kənddə evlərin birinci mərtəbələrini, həyətyanı sahələri və əkinçilik sahələrini su basıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Quriyada təbii fəlakət zonasında 11 vətəndaş, o cümlədən uşaq və azyaşlılar xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təhvil verilib.