Kaxa Kaladze "Gallup” Beynəlxalq Assosiasiyası"nın illik konfransında iştirak edib
Kaxa Kaladze "Gallup” Beynəlxalq Assosiasiyası"nın illik konfransında iştirak edib

 
Paytaxt assosiasiyanın üzvü olan Qorbi tədqiqat institutunun egidiyası ilə keçirilən “Gallup” Beynəlxalq Assosiasiyası”nın illik konfransına ev sahibliyi edir. Tbilisi meriyasının mətbuat xidmətinin məlumatında konfransın açılışında Tbilisi meri Kaxa Kaladzenin iştirak etdiyi deyilir.

Meriyadan verilən məlumatda tədbir iştirakçılarının ictimai rəyin öyrənilməsinin metodologiyaları və yeni texnologiyaların rolundan, bu sahədə mövcud çağırışlardan danışacaqları deyilir. Həmçinin, münaqişə və müharibələr dövründə bu tip tədqiqatların rolunu müzakirə edəcəklər.

Tbilisi meri tədbir iştirakçıları qarşısında çıxış edərək, dünyanın 30-dan çox ölkəsinin aparıcı elmi-tədqiqat təşkilatlarının nümayəndələrinə və mütəxəssislərinə Gürcüstana təşrif etdiklərinə görə təşəkkürünü bildirib.

“Şəhərimiz üçün “Gallup” Beynəlxalq Assosiasiyası”nın olduqca nüfuzlu illik konfranslarından birinə ev sahibliyi etmək böyük şərəfdir. Əminəm ki, maraqlı iş prosesi ilə yanaşı, qonaqpərvərliyi ilə məşhur olan Gürcüstana, Tbilisi şəhərinə səfəriniz həqiqətən də unudulmaz və xoş olacaq. Sosial-iqtisadi və ya siyasi inkişaf prosesində fəaliyyətiniz ən mühüm komponentlərdən biridir, çünki obyektiv tədqiqatlar bilik toplamaq, insanların istək və gözləntilərini qabaqcadan görmək, cəmiyyətin üzləşdiyi problemləri müəyyən etmək üçün ən yaxşı üsuldur və bizə aidiyyatı qurumlar tərəfindən buna diqqət yetirilməsinə imkan verir” – deyə Kaxa Kaladze açıqlayıb.

O, obyektiv, faktlara əsaslanan tədqiqatın nəticələrinin mühüm olduğunu, çünki ən kiçik qeyri-dəqiqlik və ya manipulyasiya cəhdinin belə cəmiyyət üçün süni reallıq yaratmaq vasitəsinə çevrilə biləcəyini deyib.

“Əlbəttə, konkret fəaliyyət nə qədər əhəmiyyətli nəticələr verirsə, minimal qeyri-dəqiqlik və ya manipulyasiya cəhdi bir o qədər çox zərər verə bilər, hətta cəmiyyətin inkişafına yönəlmiş ideya belə xalqın fikrinə təsir alətinə, süni reallıq yaradılması vasitəsinə çevrilə bilər, biz gürcülər bunu çox yaxşı bilirik. Məhz bu səbəbdən obyektiv, faktlara əsaslanan tədqiqatın vacibliyini başa düşürük. Bu gün burada toplaşmağımızın əsas səbəbi də məhz budur – müasir dünyada bu olduqca vacib sənayenin üzləşdiyi çağırışlar, problemlər və nailiyyətlər barədə danışmaq və bəhsi gedən problemlərin aradan qaldırılması və nailiyyətlərin möhkəmləndirilməsində bizə daha çox kömək edəcək yeni texnologiyaların tətbiqinə qayğı göstərmək”-deyə Tbilisi meri qeyd edib.

Bu konfrans Gürcüstanda ilk dəfə keçirilir və digər ölkələrlə yanaşı ABŞ, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, İtaliya, Avstriya, Bolqarıstan, İsveç, İspaniya, eləcə də Cənubi Koreyanın, Filippin və Yaponiyanın tədqiqat təşkilatlarının nümayəndələri iştirak edirlər.