Kaxa Kaladze biznes sektorunu şəhərin yeni il üçün bəzədilməsində yenidən iştirak etməyə çağırır
Kaxa Kaladze biznes sektorunu şəhərin yeni il üçün bəzədilməsində yenidən iştirak etməyə çağırır

 

Paytaxt meri Kaxa Kaladze ənənəvi olaraq şəhərin yeni il üçün bəzədilməsi prosesində həm biznes nümayəndələri, həm də sadə vətəndaşların iştirak edə biləcəklərini söyləyib.

Kaxa Kaladze bir daha biznes sektorunun nümayəndələrini paytaxt hökumətinin iclasında aktiv olmağa çağırıb və qeyd edib ki, Tbilisi meriyası onlara dəstək olacaq və müvafiq yerlər ayıracaq.

“Yeni il yaxınlaşır və biz hamımız birlikdə buna hazırlaşırıq. 2017-ci ildə biz çox gözəl ənənənin əsasını qoyduq- şəhərin bəzədilməsində biznes nümayəndələri, müxtəlif şirkətlər, sadə vətəndaşlar iştirak edirlər. Təbii ki, bu il də bu ənənəni davam etdirmək istəyirik. Artıq bir çox şirkət bizimlə əlaqə saxlayır, paytaxtın gözəlləşdirilməsində iştirak etmək, konkret parklar və yaşıllıqlar üçün öhdəlik götürmək arzusunda olduqlarını ifadə edirlər. Biznes sektorunun bununla maraqlanmasından dolayı olduqca şadıq. Yeni il üçün şəhərin bəzədilməsində iştirak etmək istəyən bütün subyektlərə bir daha müraciət etmək, öz istəklərini bildirmələrini istəyirəm. Biz sizə kömək etməyə, şirkətinizin loqoları ilə yeni il işıqlandırmalarını bəzəyə biləcəyiniz müvafiq yerlər ayırmağa hazırıq” – deyə Tbilisi meri bildirib.

Yeni il tədbirləri və paytaxt küçələrinin işıqlandırılmasına gəlincə Kaxa Kaladze bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat verəcəyini bildirib.

“Əminəm ki, bu il də yeni il tədbirləri möhtəşəm və genişmiqyaslı olacaq, vətəndaşlar bu günlərdə dincəlmək və əylənmək imkanı əldə edəcəklər. Yeni il tədbirləri, şam ağacının işıqlandırılması, şəhərin işıqlandırılması və “Yeni il kəndi”nin açılışına gəlincə, bununla bağlı daha sonra tam məlumat verəcəyik” – deyə paytaxt meri bildirib.