Kaxa Kaladze - Bidzina İvanişvilinin bu gün Gürcüstan siyasəti ilə heç bir əlaqəsi yoxdur
Tbilisi meri Kaxa Kaladze Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin siyasətə mümkün qayıdışı ilə bağlı yayılan məlumatı yalan adlandırır.
Kaladzenin media ilə söhbəti zamanı qeyd etdiyinə görə, Bidzina İvanişvilinin bu gün Gürcüstan siyasəti ilə heç bir əlaqəsi yoxdur və o, ölkə daxilində xeyriyyəçiliklə məşğuldur.
“Nə vaxt istəyirsiniz deyirsiniz ki, İvanişvili siyasətdədir və siyasi prosesləri idarə edir. Sizə əlverişli olduqda isə deyirsiniz ki, o, siyasətə qayıda bilər. Bu adam, lazım olduğu zaman siyasətdən getməsi ilə bağlı açıqlama verdi. O vaxtdan bəri onun Gürcüstan siyasəti ilə heç bir əlaqəsi yoxdur.
Təbii ki, İvanişvili ölkəmizin əhalisi arasında böyük nüfuza malikdir, çünki o, xeyriyyəçilik formasında çoxlu xeyirxah işlər görüb. Bu gün də, təbii ki, Bidzina İvanişvilinin ailəsi və “Kartu Fondu” tərəfindən həyata keçirilən oxşar layihələr bütün Gürcüstanda davam edir. Müvafiq olaraq, Bidzina İvanişvilinin siyasətə qayıtmaq niyyəti ilə bağlı deyilənlər çox böyük yalandır”, – deyə Kaxa Kaladze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev