Cuanşer Burçuladze ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Huk ilə görüşüb.
Agentliyin məlumatına görə, Müdafiə Nazirliyində keçirilən görüşdə Gürcüstan və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlikdən verilən məlumata görə, tərəflər qlobal və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
“Müdafiə naziri nümunəvi tərəfdaşlığa, siyasi və praktiki dəstəyə görə ABŞ tərəfinə təşəkkür edib. Diqqət Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlərə və Gürcüstanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsinə yönəldilib. Söhbətdə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar və gələcək inkişaf planlarına toxunulub. ABŞ-ın artan xarici hərbi maliyyələşdirməsinin və birgə beynəlxalq təlimlərin əhəmiyyəti qeyd olunub”, – Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan və ABŞ-ın hərbi attaşesi, polkovnik Cozef Bilbo iştirak ediblər.