Cuanşer Burchuladze "Atlantikanın-Qara dəniz Təhlükəsizlik Forumu"nda çıxış edib
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze yüksək səviyyəli beynəlxalq forumda iştirak edib.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Cuanşer Burchuladze Rumıniyada virtual formatda keçirilən “Atlantikanın-Qara dəniz Təhlükəsizlik Forumu”nda əsas məruzəçi olaraq çıxış edib. Gürcüstanın müdafiə naziri ilə birlikdə konfrans iştirakçıları qarşısında ABŞ Dövlət Departamentinin siyasət məsələləri üzrə müavini Viktoriya Nuland, Rumıniyanın müdafiə naziri Vasile Dinku və Ukraynanın müdafiə naziri, Oleksi Reznikov çıxış ediblər.
Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanın müdafiə naziri regional təhlükəsizlik çağırışlarından, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış mürəkkəb təhlükəsizlik vəziyyətindən danışıb. C.Burchuladze Qara dəniz regionunun NATO-nun şərq cinahının ayrılmaz hissəsi kimi Avro-Atlantik təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa təhlükəsizlik arxitekturası Qara dəniz regionunda sabitlik olmadan tam ola bilməz. Nazirin sözlərinə görə, NATO-nun yeni strateji konsepsiyasında Qara dəniz regionunun alyans üçün strateji əhəmiyyətinin vurğulanması alqışlanasıdır.
Müdafiə naziri Gürcüstanın dönməz Avro-atlantik istəklərindən də danışıb və Gürcüstanın tezliklə bu ailənin tamhüquqlu üzvü olacağına ümid etdiyini bildirib. C.Burchuladze NATO ilə praktiki hərbi əməkdaşlığı daha da gücləndirmək arzusunu ifadə edib və son dövrlərdə müdafiə qüvvələrinin transformasiyası istiqamətində mühüm islahatların həyata keçirildiyini qeyd edib. Nazirin sözlərinə görə, Gürcüstan beynəlxalq missiyalarda iştirak etməklə beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verib. C.Burchuladze bir daha Ukraynaya və Ukrayna xalqına dəstəyini və həmrəyliyini ifadə edib. “Atlantikanın-Qara Dəniz Təhlükəsizlik Forumu” Rumıniyanın Aspen İnstitutu və ABŞ-ın Alman Marşal Fondunun təşkilatçılığı ilə keçirilib.