Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Cozef Borrell sentyabrın 7-8-də Gürcüstana səfər edəcək- bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin yaydığı məlumatda deyilir.
Press-relizdə qeyd edildiyi kimi, Borrellin hazırkı səlahiyyətləri çərçivəsində ölkəyə ilk rəsmi səfəri Gürcüstanın Avropaya inteqrasiya yolunun gedişatını müzakirə etməyə, həmçinin daha geniş xarici siyasət və regional məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək.
Səfər çərçivəsində ali nümayəndəni Gürcüstan Prezidenti Salome Zurabişvili qəbul edəcək. Aİ-nin ali nümayəndəsi Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə də görüşəcək. Baş nazirlə görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Borrell Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə də görüşəcək.
“Avropa İttifaqının vitse-prezidenti həmçinin fürsətdən istifadə edərək parlamentdəki bütün siyasi partiyaların nümayəndələri ilə görüşəcək, vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələr aparacaq.
Səfər zamanı ali nümayəndə, vitse-prezident Aİ-nin Gürcüstanın təhlükəsizliyinə və münaqişələrin sülh yolu ilə həllinə sadiqliyini əks etdirən Aİ-nin Monitorinq Missiyasının ölkədə olmasının 15-ci ilini qeyd edəcək. O, Aİ-nin Monitorinq Missiyası tərəfindən inzibati sərhəd boyu təşkil edilən aktivliklərdə iştirak edəcək” – Aİ-nin Xarici Fəaliyyət Xidmətinin bəyanatında deyilir.