Cin Şahin - hökumətə gürcü xalqının Avro-Atlantik inteqrasiya ilə bağlı istəyini dəstəkləməyi və irəliyə daşımağı tövsiyə etdik
Biz hökumətə hesabatlılığı və şəffaflığı dəstəkləməyi davam etdirməyi, gürcü xalqının Avro-Atlantik inteqrasiya ilə bağlı istəyini irəliyə daşımağı tövsiyə etdik-bu barədə amerikalı senator Cin Şahin Gürcüstana səfərlə əlaqədar keçirilmiş mətbuat konfransında açıqlayıb.
“Rusiyanın Ukraynaya təcavüzündən bir il keçdi və bu müddətdə Gürcüstanda olmaq bizim üçün xüsusilə vacibdir, çünki Gürcüstan da 2008-ci ildə analoji vəziyyəti öz üzərində sınaqdan keçirib. Bu gün görüşlərimiz oldu, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşmək imkanımız oldu. Xüsusilə Qara dənizin təhlükəsizliyi baxımından strategiyanı müzakirə etdik. Parlament üzvləri, prezident, baş nazirlə görüşlərimiz oldu”- deyə Cin Şahin bildirib.
O, bütün görüşlərdə bir daha Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti və sarsılmaz dəstək ifadə etdiklərini bildirib.
“Amerika Birləşmiş Ştatları 30 ildir ki, Gürcüstanın yanındadır və Gürcüstanın, gürcü xalqının demokratik ölkədə yaşamaq, firavanlıq və uğur qazanmaq arzusunu dəstəkləyir; Təbii ki, Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəyini dəstəkləyir. Biz bugünkü görüşlərdə təbii ki, dəstəyimizi bir daha təsdiqlədik. Biz hökumətə hesabatlılıq, şəffaflıq kimi məsələləri dəstəkləməkdə davam etməyi, gürcü xalqının Avro-Atlantik inteqrasiya və Avropaya yaxınlaşma istəyini dəstəkləməyi və irəliyə daşımağı tövsiyə etdik”-deyə Cin Şahin açıqlayıb.