Jazeera Airways və Bees Airlines Gürcüstana müntəzəm uçuşların tezliyini artırır
Küveytin aşağı büdcəli aviaşirkəti Jazeera Airways Gürcüstana müntəzəm hava nəqliyyatının tezliyini artırır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə əsasən, 2022-ci il yanvarın 1-dən martın 26-dək hər həftənin bazar ertəsi və şənbə günləri Əl Küveyt-Tbilisi-Əl Küveyt hava marşrutu üzrə əlavə müntəzəm reyslər həyata keçiriləcək.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, ümumilikdə cari qış naviqasiya mövsümündə Jazeera Airways Gürcüstana həftədə 5 dəfə uçuşlar həyata keçirəcək. Mülki Aviasiya Agentliyi artıq Jazeera Airways-ə artan tezlikli əməliyyat lisenziyası verib.
Bundan əlavə, cari qış naviqasiya mövsümündə Tbilisiyə müntəzəm uçuşların tezliyi aşağı büdcəli Ukrayna aviaşirkəti Bees Airline tərəfindən artırılır. O cümlədən, aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi müraciətə əsasən, 2021-ci il 22 dekabr tarixindən 2022-ci il 26 mart tarixədək hər çərşənbə, cümə və şənbə günləri Kiyev və Tbilisi arasında əlavə müntəzəm reyslər həyata keçiriləcək.
Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, yenilənmiş cədvələ əsasən, “Bees” aviaşirkəti Kiyev-Tbilisi-Kiyev hava xətti üzrə gündəlik uçuşlar həyata keçirəcək. Mülki Aviasiya Agentliyi artıq Bees Airline-a əlavə tezliklərin istismarına icazə verib.
“Nəzərinizə çatdıraq ki, epidemioloji vəziyyətə uyğun olaraq dövlətlər tərəfindən sərhəd məhdudiyyətləri və sanitar tələblər vaxtaşırı dəyişdirilir ki, bu da bu və ya digər istiqamətdə hava hərəkətinin başlanması, uzadılması və ya yenilənməsi baxımından aviaşirkətlərin qərarlarında öz əksini tapır. Vətəndaşları səfərlərini planlaşdırarkən diqqətli olmağa, təyinat ölkəsi tərəfindən qoyulmuş sərhəd və sanitar qaydaları, aviaşirkətlərin bildirişləri, rəsmi mənbələrdə yerləşdirilən elan və cədvəlləri diqqətlə oxumağa çağırırıq”, – deyə Mülki Aviasiya Agentliyindən bildirilib.