İyulun 7-də Frankofoniya Parlament Assambleyasının sessiyası açılır
İyulun 7-də Frankofoniya Parlament Assambleyasının 48-ci sessiyası rəsmən açılacaq. Parlamentin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və Frankofoniya Parlament Assambleyasının prezidenti Frensis Drouin tədbir iştirakçıları qarşısında çıxış edəcəklər. Sessiyada Gürcüstan hökumətinin və parlamentinin üzvləri, diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.
“Gürcüstan ilk dəfədir ki, Frankofoniya Assambleyasına ev sahibliyi edir. 2004-cü ildən Gürcüstan Assambleyanın fəaliyyətində birbaşa müşahidəçi qismində iştirak edir. 2021-ci ildə Gürcüstan Parlamenti assosiativ üzvlüklə bağlı Frankofoniya Parlament Assambleyasına rəsmi məktub göndərib.
Məhz 48-ci sessiyada Gürcüstanın assosiativ üzvlüyü ilə bağlı qərar qəbul ediləcək ki, bu da diplomatik əməkdaşlığın dərinləşməsinə, mədəni mübadilələrə və fransız dilinin təbliğinə daha da töhfə verəcək.
Frankofoniya Parlament Assambleyası Beynəlxalq Frankofoniya Təşkilatının məşvərətçi, parlament orqanıdır. Hazırda onun 91 üzvü var. 56-sı tam hüquqlu, 17-si assosiativ, 18-i müşahidəçi statusu ilə. Assambleya demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir, üzv dövlətlər arasında informasiya mübadiləsi və dialoq üçün fəal platformadır, fransız dilinin dünyada təbliğinə yönəlib.
Bu il Assambleya üzvlərindən ibarət 40-a yaxın nümayəndə heyəti və nümayəndə heyətlərinin tərkibinə daxil olan 250-yə yaxın deputat Gürcüstanda səfərdədir. İyulun 8-də assambleya bağlı olacaq”, – deyə parlamentin mətbuat xidmətindən bildirilib.