İyulun 24-dən onkoloji xəstəliyi olan uşaqların xarici klinikalarda müalicəsi üçün müraciətlərə başlanılacaq
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, onkoloji xəstəlikləri olan uşaqları müalicə edəcək xarici klinikalarla artıq müqavilələr imzalanıb.
Nazirin qeyd etdiyi kimi, bazar ertəsindən etibarən müraciətlərin qəbulu mümkün olacaq.
“Artıq seçilmiş klinikalarla onkoloji xəstəliyi olan uşaqlarla bağlı müqavilələr bağlanıb. Bazar ertəsindən etibarən biz müraciətləri qəbul edə və prosesi təşkil edə biləcəyik. Xüsusi şura vasitəsilə uşağın Gürcüstanda müalicə olunub-olunmayacağı və ya xarici klinikaya göndərilməsinin mümkün olub-olmayacağı müzakirə olunacaq. Xəstəliyin müalicəsinin hansı prosesinin daha məqsədəuyğun olduğuna görə qərar veriləcək”, – deyə nazir bildirib.
Gürcüstan hökumətinin qərarına əsasən, onkoloji diaqnozu olan bütün uşaqlar Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında dövlət tərəfindən maliyyələşdirilən diaqnostika və müalicə olunmaq imkanı əldə edəcəklər.