37 000 müəllimin maaşı ən azı 500 lari artırılacaq, bu da müəllim kontingentinin 70%-dir, o cümlədən müəllimlərin müəyyən kateqoriyasının maaşı 800 lari artırılacaq-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət iclasında açıqlayıb.
Hökumət başçısı, növbəti 4 il boyunca ümumi, eləcə də ali təhsilin bütün sahələrində islahatların davam etdiriləcəyini bildirib.
“Hələ keçən il elan edildi ki, bu ilin iyul ayının 1-dən müəllimlərin əməkhaqqının yeni sxemi tətbiq olunacaq və orta artım 500 lari olacaq. İctimai məktəblərimizdə ümumilikdə 52 000 müəllim var, onlardan 37 000 müəllimin maaşı ən azı 500 lari artırılacaq, bu da müəllim kontingentinin 70%-dir, o cümlədən müəllimlərin müəyyən kateqoriyasının maaşı 800 lari artırılacaq və daha çox, təxminən 25 %-nin maaşı ən azı 300 lari artırılacaq. Hər bir müəllimin maaşı ən azı 200 lari artırılacaq. Bu, əməkhaqqının əhəmiyyətli dərəcədə artırılmasıdır ki, bu da son nəticədə, təbii ki, bütövlükdə ümumi təhsil sisteminə, ölkəmizdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
Təbii ki, bu, təhsil sisteminin gələcək inkişafı istiqamətində atılmalı olan addımlardan biridir və növbəti 4 il boyunca islahatlar davam etdiriləcək. Ümumi, eləcə də ali təhsilin bütün sahələri islahatlarımızın ən mühüm istiqamətlərindən və prioritetlərindən biri olacaq. Eyni zamanda, karyera yüksəlişi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək, bu da çox vacibdir. Bu istiqamətdə bəzi çatışmazlıqlar var idi və biz nazirlə birlikdə bu məsələlər üzərində fəal şəkildə işləməyə davam edəcəyik”- deyə baş nazir açıqlayıb.