İtaliyada surroqat analıq üçün xaricə getmək qadağan edildi
İtaliyada surroqat analıq üçün xaricə səyahət qadağan edildi. Məlumatı “BBC” yayıb.
Mediada yayılan xəbərlərə görə, İtaliya surroqat analıq qadağasını ABŞ və ya Kanada kimi qanuni olduğu ölkələrdə bu xidmətə müraciət edən cütlüklərə şamil edib. Qanun pozuntusuna yol verildiyi təqdirdə şəxslər iki ilədək həbs və bir milyon avroya qədər cərimələnə bilər.
Tənqidçilər İtaliyanın hakim ifrat sağ partiyası tərəfindən təqdim edilən qanunun ölkədə övladlığa götürmək və ya süni mayalanmadan keçmək hüququ olmayan LGBT cütlüklərinə yönəldiyini deyirlər.
Qanun İtaliya Senatında 58 əleyhinə 84 səslə qəbul edilib.
Səsvermədən əvvəl keçirilən etiraz aksiyasında qanunun əleyhdarları bildiriblər ki, ölkədə doğum səviyyəsinin azalmasına baxmayaraq, qanun valideyn olmaq prosesini çətinləşdirir.
Məlumat üçün bildirək ki, İtaliyanın baş naziri Giorgia Meloni hesab edir ki, uşaqları yalnız kişi və qadın böyütməlidir. O, daha əvvəl LGBT cütlükləri üçün surroqat analığı tənqid edib.