İstintaq Xidməti saxta vergi sənədlərinin hazırlanması və satılması faktı üzrə iki nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti saxta vergi sənədlərinin hazırlanması və satılması faktı üzrə iki nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması və satılması faktı üzrə iki nəfər saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə onlardan birinin adına qeydiyyatda olan fərdi sahibkar vasitəsilə 9 500 lari dəyərində taxta materiallarının guya tədarükünü əks etdirən saxta əmtəə qaimələri və vergi hesab-fakturası hazırlayıb və satıblar. Bunun müqabilində onlar qanunsuz olaraq 1 500 lari tələb edib və əldə ediblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi ilə aparılır. Həmin maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.