İstintaq Xidməti psixotrop dərmanların qanunsuz satışı ilə bağlı 4 fakt üzə çıxarıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı 4 fakt aşkar edilib, onlara görə beş nəfər cinayət məsuliyyətinə cəlb edilib.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Tbilisinin və Rustavinin müxtəlif rayonlarında onlara məxsus apteklərdə lisenziya şərtlərini pozaraq, psixotrop dərmanları reseptsiz şəxslərə satıblar ki, bununla da aptek narkomaniyasına şərait yaradırdılar.
“Bununla təqsirləndirilən şəxslər külli miqdarda gəlir əldə ediblər və heç bir qayda və icazə olmadan ümumilikdə 850 min lariyə yaxın psixotrop və xüsusi nəzarət vasitələri mülki dövriyyəyə daxil ediblər”, – deyə qurumdan bildirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 5 ilədək həbsi nəzərdə tutan 192-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq aparılır.