İstintaq Xidməti külli miqdarda dövlət əmlakını dələduzluq yolu ilə mənimsəmə faktı üzrə iki nəfər barəsində cinayət təqibi başladıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılmış operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta rəsmi sənədlərin hazırlanması-istifadəsi yolu ilə qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq yolu ilə külli miqdarda dövlət əmlakını mənimsəmə faktı üzrə iki nəfər barəsində cinayət təqibi başladıblar.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2021-ci ildə saxta sənədlərdən istifadə edərək Duşeti Munisipalitetində yerləşən və bazar dəyəri 426 958 lari olan dövlətə məxsus 9100 kv.m torpaq sahəsini öz mülkiyyətinə keçiriblər.
Həmçinin, təqsirləndirilən şəxslərin saxta sənədlərdən istifadə etməklə əlavə olaraq dəyəri 1 650 640 lari olan üç torpaq sahəsini qeydiyyata salmağa cəhd etdikləri müəyyən edilib, operativ və effektiv istintaq hərəkətləri nəticəsində bunun qarşısı alınıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 362 və 180-ci maddələri ilə davam etdirilir, bu isə cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – deyə idarənin yaydığı məlumatda deyilir.