İstintaq Xidmətinin nümayəndə heyəti ABŞ Xəzinədarlıq Departamentinin Daxili Gəlirlər Xidmətində rəsmi səfərdə olub
İstintaq Xidmətinin nümayəndə heyəti ABŞ Xəzinədarlıq Departamentinin Daxili Gəlirlər Xidmətində rəsmi səfərdə olub

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri Soso Ramişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Xəzinədarlıq Departamentinin Daxili Gəlirlər Xidmətində rəsmi səfərdə olub. Məlumatı Maliyyə Nazirliyi yayır.

Agentlikdən verilən məlumata əsasən Daxili Gəlirlər Xidmətinin (IRS) Beynəlxalq Ziyarətçi Proqramı çərçivəsində nümayəndə heyəti Cinayət Axtarış Bölməsinin fəaliyyətinin konkret istiqamətləri ilə tanış olub.

“Tərəflər istintaq xidmətinin mandatını nəzərə alaraq uğurlu təcrübəni bir-biri ilə bölüşüblər. Qlobal Əməliyyatlar, Maliyyə Cinayətləri və Siyasəti üzrə icraçı direktor vəzifəsini icra edən Karim Karter və bu sahədə fəaliyyət göstərən digər ABŞ ekspertləri ilə ikitərəfli işgüzar görüşlər keçirilib. Səfərin həyata keçirilməsində Gürcüstanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin rolu xüsusilə vurğulanmalıdır.

Tərəflər maliyyə cinayətlərinin xüsusiyyətlərini, vergi və gömrük qanunvericiliyinin pozulması faktlarının aşkar edilməsinin müasir üsullarını, istintaq üsullarını, cinayətlərin qarşısının alınması və prevensiya vasitələrini müzakirə ediblər.

Nümayəndə heyətinin üzvləri və amerikalı ekspertlər vergidən yayınma, sənədsiz ƏDV bəyannamələrinin əsassız qaytarılması və aksizli malların qeyri-qanuni dövriyyəsi, gizli əməliyyat-axtarış fəaliyyəti, aktivlərin axtarışı və müsadirəsi, əqli mülkiyyətlə bağlı cinayətlərin təhqiqatı, maliyyə piramidaları ilə bağlı araşdırmalar kimi mühüm məsələlərlə bağlı təcrübələrini bölüşüblər.

Səfər çərçivəsində tərəflər iki qurum arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və aktivləşdirilməsi barədə razılığa gəliblər. Həmçinin, gələcəkdə maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi məqsədilə konkret tədbirlər planlaşdırılıb” -deyə məlumatda qeyd olunub.