Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Acara bölgəsində müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı 3 fakt aşkarlanıb, bununla əlaqədar 3 əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib, onlardan biri saxlanılıb.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına əsasən istintaqla təqsirləndirilən şəxslərin Batumi şəhərində üç müxtəlif yerdə gizlin şəkildə onlayn lotereya obyektləri təşkil etdikləri, bu obyektlərdən müvafiq məcburi icazə olmadan, internet vasitəsilə Gürcüstandan kənarda fəaliyyət göstərən internet kazinoların veb səhifələrinə loto oyunları prosesinin ötürüldüyü məlum olub.
Qurumdan verilən məlumata əsasən obyektlərin qanuni fəaliyyət göstərəcəkləri təqdirdə onların hər birinin icazə haqqı olaraq dövlət büdcəsinə 100 000 lari ödəməli olduqları müəyyən edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsinin ikinci hissəsi ilə aparılır.