İstintaq Xidməti "Europol"-un koordinasiyası ilə həyata keçirilmiş dərman vasitələrinin saxtalaşdırılması və dopinq maddələrinin ticarəti ilə bağlı əməliyyatda iştirak edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Gürcüstan DİN-in “Europol”dakı əlaqələndirici zabitinin dəstəyi ilə dərman vasitələrinin saxtalaşdırılması və dopinq maddələrinin ticarəti ilə bağlı “Europol” tərəfindən koordinasiya edilən “Shield” əməliyyatında iştirak edib. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.
“Əməliyyatın uğurla həyata keçirilməsinə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Fransa, Yunanıstan, İtaliya, İspaniya və 28 ölkənin hüquq-mühafizə və gömrük orqanları ilə birlikdə önəmli töhfə verib. Əməliyyat Avropanın Dələduzluğa Qarşı Mübarizə Ofisi (OLAF) tərəfindən koordinasiya edilib və Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (EUIPO) onun maliyyə dəstəyini təmin edib. 2022-ci ilin aprel-oktyabr ayları ərzində həyata keçirilən əməliyyatın uğurla başa çatmasında Frontex, Ümumdünya Antidopinq Agentliyi (WADA), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və milli tibb agentliklərinin də böyük rolu olub.
Əməliyyat nəticəsində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları tərəfindən 10,5 milyondan çox narkotik vasitə, 59 cinayətkar qrup müəyyən edilib, 349 nəfər saxlanılıb, 10 məxfi laboratoriya bağlanıb və külli miqdarda saxtalaşdırılmış dərman vasitələri, dopinq məhsulları və maddələri, qanunsuz qida və idman əlavələri, saxta COVID peyvəndi, sanitar məhsul və tibbi avadanlıqlar götürülüb” -deyə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında qeyd olunur.