İstintaq Xidməti başqasının külli miqdarda əmlakını mənimsəmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb
İstintaq Xidməti başqasının külli miqdarda əmlakını mənimsəmə faktı ilə əlaqədar bir nəfəri saxlayıb

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları külli miqdarda başqasının əmlakını mənimsəmə və mülkiyyət hüququnu təsdiq edən saxta sənəd hazırlayaraq istifadə etdiyinə görə Rusiya vətəndaşını saxlayıblar.

Qurumdan verilən məlumata əsasən, istintaq zamanı müəyyən edilib ki, müqəssir digər şəxslərin köməyi ilə Tbilisi şəhərində şirkətlərdən birinə məxsus ümumi sahəsi 47 800 kv/m olan iki torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə bəhsi keçən şirkətin pay alqı-satqı müqaviləsini saxtalaşdırıb. Bunun nəticəsində o tək direktor və təsisçi olub, bundan sonra da torpaq sahələrini öz adına qeydiyyatdan keçmiş başqa şirkətin üzərinə qeydiyyatdan keçirib.

“Cinayət niyyətini həyata keçirdikdən sonra, müqəssir torpaq sahələrini 200 min ABŞ dolları əldə etmək üçün girov qoymağı planlaşdırırmış. Bu zaman onu həbs ediblər.

İstintaq zamanı həmin torpaq sahələri müsadirə edilib. İlkin məlumatlara görə, torpaq sahələrinin bazar dəyəri 16 000 000 laridən çoxdur.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsi və 210-cu maddəsinin birinci hissəsi ilə istintaq aparılır, bu isə cəza olaraq altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, – deyə məlumatda bildirilir.