İsrailin Nazirlər Kabineti  “Əl-Cəzirə”nin İsraildə fəaliyyətinə qadağa qoyulmasını yekdilliklə dəstəklədi
İsrailin Nazirlər Kabineti  “Əl-Cəzirə”nin İsraildə fəaliyyətinə qadağa qoyulmasını yekdilliklə dəstəklədi

İsrailin baş naziri Benyamin Netanyahunun kabineti “Əl-Cəzirə”nin İsraildə fəaliyyətinə qadağa qoyulmasını yekdilliklə dəstəklədi.

Bu barədə İsrail hökumətinin yaydığı bəyanatda qeyd olunub, hərçənd, “Əl-Cəzirə”nin dəqiq bağlanma tarixi göstərilməyib.

Bununla yanaşı, medianın yazdığı kimi, cari ilin aprelində Knesset hökumətə beynəlxalq xəbər vasitələrinin İsrailin milli təhlükəsizliyinə təhdid yaratması halında İsraildə fəaliyyətini qadağan etməyə icazə verən yeni qanun qəbul edib. Hələ aprel ayında Knessetin bu qərarından sonra Netanyahunun “Likud” partiyası yeni qanun çərçivəsində baş nazirin “Əl-Cəzirə”ni bağlamaq üçün dərhal hərəkətə keçəcəyini bəyan etdi. “Əl-Cəzirə” teleşirkəti sonra “Likud”un bu bəyanatına münasibət bildirdi və qeyd etdi ki, İsrailin baş naziri “Əl-Cəzirə”yi boş yerə günahlandırırdı və “Əl-Cəzirə”nin reputasiyası ilə yanaşı, onun dünya üzrə işçilərinin təhlükəsizliyinə və hüquqlarına təhlükə yaradırdı.

Medianın yazdığı kimi, “Əl-Cəzirə” İsrailin Qəzzada davam edən hərbi əməliyyatlarına qarşı kifayət qədər tənqidçidir. Onlar dəfələrlə bildiriblər ki, İsrail “Əl-Cəzirə”nin ofislərini və işçilərini hədəfə alır. “The Guardian”ın məlumatına görə, hələ 2022-ci ilin mayın 11-də İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçiləri “Əl-Cəzirə”nin jurnalisti Şirin Əbu Akleni, cari ilin yanvarında isə iki jurnalisti öldürüb.