İsraildə Gürcüstan vətəndaşları üçün qaynar xətt fəaliyyətə başlayıb
Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya ölkədəki Gürcüstan vətəndaşlarına xəbərdarlıq edir və onları müvafiq təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır. Laşa Jvaniyanın sözlərinə əsasən, səfirlikdə qaynar xətt fəaliyyətə başlayıb.
“Qəzza sektorundan raket hücumu ilə əlaqədar İsrail Müdafiə Nazirliyi ölkənin cənubundan mərkəzinə (Aşkelondan Şderota; Beer Şeva; Təl-Əviv daxil olmaqla) fövqəladə vəziyyət elan edib. Eyni zamanda, məlumatlara görə, bir neçə terrorçu İsrailin cənub şəhərlərinə soxulub.
Siqnalın işə salınması zamanı təhlükəsizlik qaydalarını xatırlatmaq istərdik:
- Binada olarkən – xüsusi qorunan məkana/sığınacağa daxil olmalı, qapı və pəncərələri bağlamalısınız;
- Binadan kənarda olarkən – yaxınlıqda xüsusi sığınacaq yoxdursa və ya bina yoxdursa, uzanıb başınızı əllərinizlə örtün;
- Avtomobildə olarkən – dayanın, avtomobildən çıxın və ən yaxın binaya və ya sığınacağa daxil olun. Əgər yaxınlıqda bina və ya sığınacaq yoxdursa, maşından düşərək uzanıb əllərinizlə başınızı örtün;
- Binanın girişində, dəhlizlərdə vətəndaşların maşın saxlamasına icazə verilmir;
- Digər təlimatlar olmadıqda, həyəcan siqnalı bitdikdən 10 dəqiqə sonra binanı tərk edə bilərsiniz;
Atılan raketə və ya başqa obyektə yaxınlaşmağa icazə verilmir. Belə olan halda vətəndaşları obyektə/atılan raketə yaxınlaşmamağa və polisə məlumat verməyə çağırın.
- Turist məqsədləri üçün İsraildə olan şəxslər oteldən çıxmaqdan və turist turlarından çəkinməlidirlər.
Əlavə təlimatlar üçün medianı izləyin.
Zəruri hallarda qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlamağınız xahiş olunur: +972526919092; və ya +972 52-8888513; +972 54-7386813.
Biz İsrailə və İsrail xalqına sülh arzulayırıq”, – Laşa Jvaniya yazıb.
Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.
Müəllif -
Mehemmed Bayramaliyev